İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri tədbirlər fasiləsiz yerinə yetirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya bildirilib ki, Füzuli rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər. Polis əməkdaşları 1 minaatan qurğusu, 1 avtomat, 1 qumbaraatan, 56 qumbaraatan mərmisi, 22 əl qumbarası, 21 partladıcı vasitə, 1 rabitə qurğusu, 20 sandıq, 1600 patron, 30 millimetrlik 124 mərmi və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər.