6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır.
YeniAvropa xəbər verir ki, Azərbaycan rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirib. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulub. 1881-ci il dekabrın 6-da isə “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib. Beləliklə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.
Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli müvafiq Sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.