logo

Bakıda sanitar günü keçirilir

09:55 04-12-2021 | icon 1946
Bakıda sanitar günü keçirilir

Cari ilin son ayının birinci şənbə günü Bakı şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb.

YeniAvropa xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bununla bağlı görüləcək işlərə dekabrın 4-ü səhər saatlarından start verilib. Keçiriləcək sanitar günləri çərçivəsində paytaxtın bütün rayonlarında kommunal və digər qurumların iştirakı ilə genişmiqyaslı işlər görülür.

Gün ərzində şəhərin prospekt və küçələrinin, səkilərin kənarlarının, bordürlərin və işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin yuyulması, ərazinin dezinfeksiyası həyata keçirilir. Görülən işlərdə kommunal xidmətinin əməkdaşları ilə yanaşı, şəhər sakinləri də yaxından iştirak edirlər.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikaları ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyir, budanma zərurəti olan ağaclara aqrotexniki qaydada qulluq edilir və digər lazımi işlər həyata keçirilir.

Görüləsi işlər barədə danışan Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov yeni ilə hazırlıq çərçivəsində keçirilən tədbirlərdə bütün strukturların əməkdaşlarının iştirak etdiyini vurğulayıb. O deyib: “Ümumşəhər sanitar günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti bu gün paytaxtın bütün rayonları üzrə 4 minə yaxın əməkdaşını və yüzdən artıq texnikasını təmizlik və dezinfeksiya işlərinə cəlb edib. Tədbirlər çərçivəsində 500-ə yaxın küçə və prospektlərin təmizlənməsi nəzərdə tutulub”.

Həmçinin Bakı şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulur və obyektlərin qarşısı təmizlənir.

Bakı şəhər İcra Hakimiyyəti əmin olduğunu bildirir ki, şəhər sakinləri qalib ölkənin vətəndaşları olaraq yeni ili təmiz şəhərlə qarşılayacaqdır.