logo

Bakıda avtomobildən 10 min manat oğurlayan şəxs yaxalanıb

14:54 03-12-2021 | icon 1778
Bakıda avtomobildən 10 min manat oğurlayan şəxs yaxalanıb

Yasamal кayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət edən vətəndaş İ.Qutqaşınlı küçəsində idarə etdiyi avtomobilin qapısının açıq olmasını fürsət bilən naməlum şəxsin oradan oğurluq etməsi barədə məlumat verib. Zərərçəkən avtomobilin salonundan içərisində 10 min 530 manat məbləğində pul olan çantanın və 200 manat dəyərində mobil telefonun oğurlandığını qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 26-cı polis bölməsinə məlumat daxil olan kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məmmədəli Abbasov həyata keçirilən əməliyyat nəticəsində qısa vaxtda saxlanılıb. O, ifadəsində avtomobildən oğurluq etdiyini bildirib. Onun avtomobildən oğurladığı pulun bir qismi yaşadığı ünvandan aşkar edilərək götürülüb. M.Abbasovun avtomobildən oğurluq etməsi və hadisə yerindən yayınması ərazidə olan müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Saxlanılan şəxs barəsində 26-cı polis bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün istintaqa göndərilib. Məmmədəli Abbasovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, 102 Xidməti - Zəng Mərkəzinə, eləcə də nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Daxili İşlər Nazirliyi bir daha nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar cinayətə meyilli şəxslər tərəfindən oğurlana bilər. Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər. Həmçinin nəqliyyat vasitələrini nəzarətdən kənar ərazilərdə deyil, “Təhlükəsiz Şəhər” kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.