logo

Ramiz Tatarov məhkəmədən bəraət istədi

10:20 03-12-2021 | icon 1743
Ramiz Tatarov məhkəmədən bəraət istədi

Gəncə Apellyasiya Məhkəməsində həbsdə vəfat edən Ağstafa rRayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

YeniAvropa xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə R.Tatarov ifadə verib.

O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin olunub.

Qeyd edək ki, mərhum icra başçısının hüquqi varisi onun qardaşı Cəlaləddin Quliyev tanınır.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı N.Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, N.Quliyevin rayon icra hakimiyyəti başçısının keçmiş müavini R.Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. N.Quliyevin R.Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, N.Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. N.Quliyev və R.Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunan siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

N.Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə DTX-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılan cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Yeri gəlmişkən, qeyd edək ki, sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar olunaraq "COVID-19 infeksiyasına yoluxma" diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.

Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən N.Quliyev orada vəfat edib.