Helikopter qəzasında şəhid olan hərbçilərin ailələrinə də güzəştlər tətbiq olunacaq
Şəhid ailələrinə edilən güzəştlər hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların ailələrinə də eyni şəkildə tətbiq olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev jurnalistlərə verdiyi müsahibədə deyib.
Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2-ci (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.