Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Qeydiyyat-imtahan idarəsinin kiçik inspektoru (“ASAN xidmət” mərkəzinin səyyar xidməti üzrə) vəzifəsində xidmət aparılması üçün qəbul elan edilir.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, xidmətə ali təhsilli, sürücülük hüququna malik, aydın nitq qabiliyyəti olan, yaşı 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum edilməyən, Bakıda daimi qeydiyyatda olan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.
Müraciət etmək istəyən şəxslər dekabrın 1-dən 25-dək hər iş günü saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Kadrlar şöbəsinə (Bakı şəhəri, Xırdalan–Binəqədi şosesi 4) şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədi, hərbi bileti, əmək kitabçası (olduğu halda), sürücülük vəsiqəsi və məhkumluğunun olmaması barədə arayışı şəxsən təqdim etməlidirlər.
Əlaqə telefonları: +994 12 590-81-10, +994 12 590-81-39.