İsmayıllı rayonunda "VAZ-2107" markalı avtomobilin sürücüsünün yolun əks istiqamətinə çıxaraq qəsdən səki ilə hərəkətdə olan piyadaların üzərinə sürüb və onları vuraraq xəsarət yetirib.
YeniAvropa xəbər verir ki, bu barədə məlumat və videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov açıqlamasında bildirib ki, hadisə noyabrın 28-də saat 16:40 radələrində baş verib: “İsmayıllı rayon sakini Fazil Ağamirzəyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən əvvəlcədən aralarında ədavət olan rayon sakini, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri Elçin Abbasov və onun qohumu Rövşən Əzizovun yolun əks istiqamətindəki səkidə piyada hərəkətdə olduğunu görüb və nəqliyyat vasitəsini qəsdən onların üzərinə sürüb. Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib”.
M.Məsimov qeyd edib ki, faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma-ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, F.Ağamirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.