logo

FHN yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib

15:05 29-11-2021 | icon 1624
FHN yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müraciətdə respublika ərazisində baş verən yanğınların Xidmət tərəfindən aparılmış statistik təhlilinin yanğınların böyük əksəriyyətinin yaşayış sektorunun payına düşdüyü qeyd olunub. Bildirilib ki, yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlığının, 15 faizi qaz cihazlarının (qurğularının) quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir. Bununla yanaşı, odla və qaynaq vasitəsilə işlər görülərkən ehtiyatsızlıq, nəzarətsiz qalan uşaqların odla oynaması kimi səbəblər də yanğınların baş verməsində əsas faktorlardandır.

Təhlükəsizliyin təmin olunması məqsədilə əhaliyə müraciətdə mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb. Qeyd olunub ki, elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edilməli və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə olunmalıdır. Standartlara uyğun olmayan qaz cihazlarından istifadə zəhərlənmə, yanğın və partlayış təhlükəsi yaratdığından, onların istismarına yol verilməməlidir. Elektrik xətləri və uzadıcılarını həddindən artıq yüklənməməli, mənzil tərk edilərkən elektrik avadanlığı və qaz cihazları işlək vəziyyətdə qoyulmamalıdır. Mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlanılmamalıdır. Mənzilə daxil olarkən qaz qoxusu hiss edildikdə işıq yandırılmamalı, qapı-pəncərələr açılmalı, mənzilə qazın girişi bağlanmalı və mütəxəssis çağırılmalıdır. Uşaqların elektrik və qaz cihazlarından istifadəsinə yol verməməli, azyaşlılar nəzarətsiz qalmamalıdır. Tam söndürülməmiş kibrit və siqaret kötüyü zibil qutusuna və ya eyvandan atılmamalıdır.

“Nəzərə almaq lazımdır ki, yanğının qarşısını almaq onu söndürməkdən daha asandır. Özünüzün və yaxınlarınızın həyatını təhlükəyə atmayın. Mənzilinizi və əmlakınızı yanğından qoruyun.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng vurun!”, - deyə müraciətdə bildirilib.