UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq sülh səfiri, Azərbaycanın xalq rəssamı Əşrəf Heybətov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Komitədən YeniAvropa-ya bildirilib ki, sədr dünya şöhrətli rəssamı Azərbaycan vətəndaşlığı alması münasibətilə təbrik edib və ona ölkəmizin dünyada layiqli təmsilçiliyində uğurlar arzu edib.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan vətəndaşlığı alan xalq rəssamı Avropanın aparıcı dövlətlərindən olan Almaniyada Azərbaycan həqiqətlərinin təbliğ olunmasında əvəzsiz rol oynayır, əsərlərində xalqımızın adət-ənənəsinə geniş yer verir, doğma Azərbaycana həsr etdiyi əsərləri ilə digər xalq və millətlər arasında vətənə, onun tarixinə, təbiətinə və mədəniyyətinə sevgi aşılayır.
Ə.Heybətovun əsərlərinin toplandığı “Qarabağa gedən 44 günlük yol”, “Xocalı faciəsi” jurnal-kataloqlar və “Almaniyadan 100 rəsm” adlı kitab, eləcə də rəssamın ərsəyə gətirdiyi Vətən müharibəsində zəfəri tərənnüm edən genişmiqyaslı panno böyük marağa səbəb olub.
Azərbaycan vətəndaşlığı almasından böyük sevinc hissi ilə danışan rəssam ölkə başçısına minnətdarlığını ifadə edib, bundan sonra da yaradıcı gücünü Azərbaycan naminə sərf edəcəyini, ölkəmizi layiqincə təmsil edəcəyini diqqətə çatdırıb.