logo

"Azercell"in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verildi

20:10 23-11-2021 | icon 3080
"Azercell"in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verildi

 

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-indəstəyilə təşkil olunan Uşaq Paralimpiya İdman Oyunlarına yenidən start verilir.

Uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə karantin rejiminin tələblərinə uyğun olaraq ənənəvi oyunların hər bir idman növləri üzrə ayrı-ayrı yarışlarla, azarkeşlər olmadan keçirilməsi qərara alınıb. 

2021-ci ilin Uşaq Paralimpiya İdman Oyunları çərçivəsində Sumqayıtda yerləşən Respublika Paralimpiya İdman Kompleksində pouerliftinq üzrə test yarışları baş tutub, həmçinin stolüstü tennis oyunları keçirilib. İlin sonunadək uşaq paralimpiyaçıları digər idman növləri üzrə yarışlarda da iştirak edə biləcəklər. Balaca idmançılar cüdo (26 noyabr), üzgüçülük (4 dekabr) və taekvando (10 dekabr) üzrə yarışlarda güclərini sınayacaqlar.

2014-cü ildən etibarən "Azercell"in dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Paralimpiya Komitəsi indiyədək sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetməni öz ətrafına toplaya bilib. Burada uşaqlar peşəkar məşqçilərin köməyilə 10 idman növü - cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsləri, dağ xizəyi və snoubord ilə məşğul olurlar. Onlar həmçinin, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər.

Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Komitə sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edir. "Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.