Quba rayonunun Timiryazev bələdiyyəsinin sabiq sədr müavininin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Quba rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış istintaqla Timiryazev bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə ayrı-ayrı şəxslərə Timiryazev qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrini onların xüsusi mülkiyyətinə və icarəsinə verilməsinə kömək göstərəcəyi barədə yalan vədlər verərək, ümumilikdə 30 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, vəzifəli şəxslərə vermək adı ilə vətəndaşı rüşvət verməyə təhrik etməsinə, həmçinin xüsusi mülkiyyətdə olan torpaq sahəsində qanunsuz tikinti işləri aparmasına əsaslı şübhələr müəyyən olunub.
Mahir Bayramov Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan istintaq zamanı qismən ödənilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.