logo

Sabunçu rayonunda 27 narkotacir saxlanılıb

15:19 19-11-2021 | icon 1883
Sabunçu rayonunda 27 narkotacir saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının bu il noyabrın 1-dən indiyədək rayon ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan həmin şəxslər barəsində rayon polis idarəsinin istintaq şöbəsində cinayət işləri başlanılıb. Həmin şəxslərdən 22-si barəsində məhkəmə orqanları tərəfindən həbs və digər növdən olan qətimkan tədbirləri seçilib. Saxlanılanlardan beş nəfəri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onlar cərimə olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdə külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Ramana qəsəbə sakini Əfqan Həbibov yaşadığı evdə qanunsuz olaraq odlu silah gizlətməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun mənzilinə baxış zamanı müvafiq sənədləri olmayan yivli “TOZ-8” markalı tüfəng və 23 ədəd patron aşkarlanaraq götürülüb. Əfqan Həbibov silahı bir müddət əvvəl tapdığını, lakin polis əməkdaşlarına təhvil verməyərək özündə saxladığını bildirib.

Qeyd olunan faktlarla bağlı rayon polis idarəsində araşdırmalar aparılır. Narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa olunması istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat tədbirlərini davam etdirirlər.