Noyabrın 12-si saat 18 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində “Qaradağ” ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Qaradağ rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla Əbülfəz Hacıyevin işlədiyi daş karxanasında idarə etdiyi daşkəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində öldüyü müəyyən olunub.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.