logo

Bakıda üzərində “Kalaşnikov” gəzdirən şəxs saxlanılıb

13:13 13-11-2021 | icon 1869
Bakıda üzərində “Kalaşnikov” gəzdirən şəxs saxlanılıb

Nərimanov rayon Polis İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,idarəyə paytaxt sakini əvvəllər məhkum olunmuş Rüstəm Osmanovda silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı əlində olan bağlamadan bir ədəd “Kalaşnikov” markalı avtomat silah, 30 ədəd patron və 1 ədəd həmin silaha aid patron darağı aşkarlanaraq götürülüb. Saxlanılan şəxs silah-sursatı bir neçə il əvvəl tapdığını, lakin polisə təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Rüstəm Osmanov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.