Bu gün bir qrup qazi Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına toplaşaraq problemlərini dilə gətirib.
YeniAvropa xəbər verir ki, qazilər nazirlik tərəfindən onlara əlillik dərəcəsinin təyin edilməməsindən narazılıqlarını bildiriblər. Həmçinin çıxışlarında onların probleminə nazirliyin səlahiyyətli şəxsləri tərəfindən biganə münasibət göstərildiyini də qeyd ediblər.
Qazi Ayaz Qasımov bildirib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə görə ölkəni tərk etmək məcburiyyətində qalıb.
"Altı yadır əlillik almaqdan ötrü sürünürəm. Heç kim gəlib maraqlanmır ki, hansı şəraitdə yaşayıram. Səfirliyə müraciətimiz odur ki, bizi canımızdan usandıran Sahil Babayevə görə ölkəmizi tərk etmək məcburiyyətində qalmışıq. Yüzlərlə qazinin əlilliyini kəsiblər", - deyə A.Qasımov qeyd edib.
Qazi Hacı Vəliyev bildirib ki, biganə münasibət var. O qeyd edib ki, şəhid ailəsinə, qazisinə biganə münasibət göstərməli deyil.
II qrup əlil Orxan İmanov da biganə münasibət göstərildiyini dilə gətirib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qazilərin səsləndirdiyi problemlərə sosial şəbəkə hesabında münasibət bildirib. Məlumatda qeyd edilib ki, bu gün Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında Vətən müharibəsinin 2 iştirakçısı Hacı Vəliyev, Ayaz Qasımovun və 2019-cu ildən əlilliyi olan Orxan İmanovun əlillik təyinatı ilə bağlı söylədikləri fikirlər tamamilə əsassızdır.