logo

Faydalı qazıntı yataqlarının istismarına dair hərrac keçiriləcək

15:45 12-11-2021 | icon 2807
Faydalı qazıntı yataqlarının istismarına dair hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 6-sı və 9-da faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərrac təşkil ediləcək.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, dekabrın 6-da keçiriləcək hərraca Xızı rayonunda “Sitalçay” qum-çınqıl yatağının 87,1 hektar sahəsi, “Yeni Yaşma I” qum yatağının 5,5 hektar sahəsi, Ağsu rayonunda “Sulutçay” qum-çınqıl yatağının 20 hektar sahəsi çıxarılacaq. Göygöl rayonunda “Üçtəpə-Qızılqaya” qranit yatağının 2,14 hektar sahəsi, Salyan rayonunda “Salyan” gil yatağının 5 hektar sahəsi də bu tarixdə hərraca çıxarılan faydalı qazıntı yataqlarına aiddir.

Dekabrın 9-da təşkil ediləcək hərraca Hacıqabul rayonunda “Atbulaq-1” sement xammalı yatağının 5 hektar sahəsi, Qaradağ rayonunda “Çənlibel” mişar daşı yatağının 7 hektar sahəsi, “Karvansaray” mişar daşı yatağının 8 hektar sahəsi, Şəmkir rayonunda “Şəmkir qranodiorit” yatağının 5,1 hektar sahəsi çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri dekabrın 6-da olan hərrac üçün noyabrın 29-u, dekabrın 9-da olan hərrac üçün dekabrın 2-si tarixlərində saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan və xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Xidmətin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3C5nycIhttps://bit.ly/3kqA3d3) və Özəlləşdirmə portalında (https://bit.ly/39KD5mP) tanış olmaq mümkündür.