logo

Azərbaycanda illik inflyasiya 6%-ə yaxınlaşdı

13:51 12-11-2021 | icon 2695
Azərbaycanda illik inflyasiya 6%-ə yaxınlaşdı
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7%, qeyri-ərzaq məhsulları üzrə 104,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105% təşkil edib.
 
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
Məlumata görə, okyabr ayında isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101,6%, ötən ilin oktyabr ayına nisbətən 110% olub. O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 102,8%, ötən ilin oktyabr ayına nisbətən isə 113,1% təşkil edib.
 
Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə balığın, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, kərə-günəbaxan yağlarının, süfrə marqarininin, üzümün, bananın, armudun, pomidorun, xiyarın, badımcanın, bibərin, kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, təbii balın, çay, qəhvə və kakao tozunun, kola içkisinin, arağın, azalma isə əsasən naringinin, limonun, kivinin, narın, heyvanın, xurmanın, almanın, balqabağın, çuğundurun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Oktyabrda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,9%, ötən ilin oktyabr ayına nisbətən 106,7% təşkil edib. Ay ərzində qeyri-ərzaq məhsullarından daha çox artım dəftərxana ləvazimatlarının, xalçaların, zərgərlik məmulatlarının, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, azalma isə planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Oktyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4%, ötən ilin oktyabr ayına nisbətən 108,4% təşkil edib. Ay ərzində əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım paltar, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.