Havaların soyuması ilə əlaqədar Azərbaycanda mənzillərə istiliyin verilməsinə vaxtından tez başlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, bu gündən müraciətlər əsasında qazanxanaların açılmasına başlanılıb: "Kim müraciət edir və ödənişə təminat verirsə, onların qazanxanalarını işə salırıq”.
Rafiq Əliyev bildirib ki, dağ və dağətəyi rayonlarda noyabrın 1-dən istiliyin verilməsinə başlanıb.
Qeyd edək ki, dağ və dağətəyi rayonlarda istilik sisteminin noyabrın 1-dən işə salınacağı əvvəlcədən bəlli olsa da, digər rayonlarda, eləcə də Bakıda noyabrın 15-dən qış mövsümünə keçidin baş tutacağı açıqlanmışdı.
Ümumilikdə "Azəristiliktəchizat” 554 qazanxanadan 184 minə yaxın mənzilə, 281 məktəbə, 160 uşaq bağçasına, 161 səhiyyə müəssisəsi və 1980 sosial obyektə istilik verir.
Xatırladaq ki, ölkədə istilik mövsümü hər il noyabrın 15-də başlayıb, aprelin 15-də isə başa çatır.