logo

Azərbaycan və Gürcüstan Milli Qida agentlikləri əməkdaşlıq edəcəklər

19:09 11-11-2021 | icon 2828
Azərbaycan və Gürcüstan Milli Qida agentlikləri əməkdaşlıq edəcəklər

Noyabrın 11-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili ilə görüşüb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, görüşdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilərək bildirilib ki, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində təcrübə mübadiləsinin həyata keçirilməsi qida təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.

AQTA və Gürcüstan Milli Qida Agentliyinin əməkdaşları tərəfindən sərhədyanı ərazilərdə birgə monitorinqlərin keçirilməsi, qida sahəsində idxal-ixrac və tranzit yüklərin daşınmasına nəzarətin daha səmərəli təşkili, həmçinin heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması zamanı beynəlxalq təcrübələrdən istifadə, elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar müzakirələr aparılıb.

Gürcüstan Milli Qida Agentliyinin rəhbəri qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, idxal-ixrac əməliyyatları və beynəlxalq əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.