Ötən gün axşam saatlarında Bakıda 30 illik şam ağacı kəsilib.
YeniAvropa xəbər verir ki, hadisə Xətai rayonu general Mehmandarov küçəsi, 92 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda yerləşən evlərdən birinin sahibi güclü küləyin əsməsindən sui-istifadə edərək həyətdəki şam ağacını kəsib.
Bu da ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, həmin şəxs ağacı ona mane olduğu üçün kəsdiyini bildirib: "Ancaq ağac həmin evə giriş-çıxışa mane olmurdu. O, heç həmin evdə belə yaşamır".
Məsələyə münasibət bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, ağacı kəsən 2700-2800 manat məbləğində cərimə olunacaq.