Bu gün sosial şəbəkədə Bakı şəhərindəki “Şəhidlər Xiyabanı”nda bəzi məzarların sınmış olduğu və onların üzərində şəkillərin olmaması ilə bağlı məlumat yayılıb.
YeniAvropa xəbər verir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestindən məsələ ilə bağlı bildirilib ki, Respublika Hərbi Prokurorluğunun təqdimatı və Bakı Hərbi Məhkəməsinin 3 iyun 2021-ci il tarixli qərarı əsasında birinci “Şəhidlər Xiyabanı”nda dəfn ediliş 23 və ikinci Xiyabanda isə 9 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılması (ekshumasiya) aparılıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.
Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə meyidlərin kimliyinin müəyyən edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir.
Sosial şəbəkədə qeyd edilən məzarlar da həmin məzarlardır. Burada dəfn edilənlərin kimliyi müəyyən edildikdən sonra isə həmin məzarlar şəhidlərin şəkili və onlar barədə məlumatlarla birlikdə yenidən düzəldiləcək.