Şəmkir rayon sakini Aliyə Kazımovanın rayonun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin (MTİS) sabiq rəisi Vazeh Vəliyevin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Şəmkir rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, istintaqla Vazeh Vəliyevin MTİS-in rəisi vəzifəsində işləyərkən həmin idarədə kargüzar işləyən Aliyə Kazımovanın idarədaxili intizam qaydalarını pozmadığı halda söhbət etməsini bəhanə edib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan qanunsuz hərəkətlər etməklə vəzifə səlahiyyətlərini aşıb ona ağırlıq dərəcəsi təyin edilməyən fiziki ağrı yetirməklə və zor tətbiq edib öldürəcəyi ilə hədələməklə, həmçinin idarənin normal iş fəaliyyətini pozmaqla sonuncunun hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurduğu müəyyənləşdirilib.
Vazeh Vəliyev Cinayət Məcəlləsinin 309.2-ci (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.