Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində davam edən küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli YeniAvropa-ya açıqlamasında sürücülərə kəskin hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməməyi, yollarda diqqətli olmağı tövsiyə edib: “Moped və motosiklet tipli nəqliyyat vasitələrindən, eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini məhdudlaşdırmalıdırlar. Sadalanan nəqliyyat vasitələri mövcud hava şəraiti üçün olduqca əlverişsiz və təhlükəlidir. Sürücülər, piyadalar və digər hərəkət iştirakçıları küləkli hava şəraitini nəzərə alaraq, hündürmərtəbəli binaların, ağacların yaxınlığında hərəkət edərkən diqqətli olmalı, ehtiyac yaranmadığı təqdirdə hərəkətlərini məhdudlaşdırmalıdırlar”.