logo

Sinoptiklərdən güclü külək, intensiv yağış və qar xəbərdarlığı

14:24 10-11-2021 | icon 1806
Sinoptiklərdən güclü külək, intensiv yağış və qar xəbərdarlığı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu gözlənilən təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq yayıb.

Hidrometeoroloji Proqnozlar Bürosundan YeniAvropa-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi 18-23 metr/saniyə, arabir 27-32 metr/saniyə, 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən noyabrın 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 metr/saniyə, arabir 25-30 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 33-38 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu noyabrın 11-də ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.