Lənkəran rayonunda 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
YeniAvropa xəbər verir ki, Lənkəran rayonunun Darquba kəndində Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Dadaşlı Orxan Elxan oğlunun adına tikilmiş bulağın açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən əsgər Orxan Dadaşlının qəhrəmanlığından danışıb.
Şəhid Orxan Dadaşlının ailə üzvləri ilə görüşən Taleh Qaraşov onların gündəlik qayğıları ilə maraqlanıb.
Sonra mərasim iştirakçıları şəhid Orxan Dadaşlının məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, şəhid Dadaşlı Orxan Elxan oğlu 1997-ci il yanvarın 25-də Lənkəran rayonunun Darquba kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri Orxan Dadaşlı Vətən müharibəsində Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Cəsur döyüşçü noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Orxan Elxan oğlu Dadaşlı ölümündən sonra "Vətən uğrunda" medalı, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.