Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır.
Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 18-23 metr olacaq, arabir 27-32 metrədək, noyabrın 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 metrədək güclənəcək.
Havanın temperaturunun ötən günlərlə müqayisədə noyabrın 11-də 5-10° enəcəyi, 9° isti olacağı ehtimalı var.
Noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ehtimal edilir. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi bildirilir.
Qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 25-30, ayrı-ayrı yerlərdə arabir 33-38 metrədək güclənəcək.
Havanın temperaturu noyabrın 11-də ötən günlərlə müqayisədə 5-10° enəcək.