Balakəndə törədilən oğurluq hadisəsinin təfərrüatı məlum olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, şəhər ərazisində yerləşən evlərin birindən 1000 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.
Müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı cinayət əməlini törədən Şuşa rayon sakini Elman İbrahimov saxlanılıb.
Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun daha 2 evdən də ümumilikdə 7 min manat dəyərində qızıl-zinət əşyaları, 5 min manat pul və 6400 ABŞ dolları oğurladığı müəyyən edilib. E.İbrahimovun oğurladığı qızıl-zinət əşyalarının bir qismi onun qeyri-rəsmi münasibətdə yaşadığı Leyla Qardaşovanın evindən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.
Araşdırma zamanı məlum olub ki, törədilən ikinci cinayətdə E.İbrahimov və L.Qardaşova əvvəlcədən əlbir olublar. Belə ki, xəstəxanada çalışan Leyla orada işləyən həkimin növbədə olmasını Elmana xəbər etdikdən sonra sonuncu onun yaşadığı evə qanunsuz olaraq daxil olub, pul və qızılları götürərək oradan uzaqlaşıb. Oğurladığı qızıllların bir hissəsini Bakı şəhərində satan E.İbrahimov əldə etdiyi pulu qadınla öz arasında bölüb. L.Qardaşova isə E.İbrahimovun ona verdiyi pulla özünə qızıl-zinət əşyaları alıb.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.