Binəqədi rayonunun Biləcəri qəsəbə sakini 1969-cu il təvəllüdlü Gülnarə Namazovaya oktyabrın 25-də xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Binəqədi rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1957-ci il təvəllüdlü Sərdar Namazovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Sərdar Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.