logo

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Zəfər Gününə həsr olunmuş konfrans təşkil edib

18:28 02-11-2021 | icon 1652
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Zəfər Gününə həsr olunmuş konfrans təşkil edib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi noyabrın 2-də Zəfər Gününə həsr olunmuş videokonfrans təşkil edib.

Agentlikdən YeniAvropa-ya bildirilib ki,Vətən müharibəsi iştirakçılarının və qeyri-hökumət təşkilatları nümayəndələrinin qatıldıqları konfransı giriş sözü ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev bildirib: “Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizi yad edirik və onların ruhu qarşısında baş əyirik. Onların xatirəsini təkcə bir gün yox, hər zaman anmalıyıq. Biz və bizdən sonrakı nəsillər unutmamalıdır ki, haqqında qürurla danışdığımız Zəfər tariximiz şəhid qanı ilə yazılıb”.

Azay Quliyev qeyd edib ki, bu Zəfərin qazanılmasında üç əsas amil başlıca rol oynadı. Birincisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, nadir hərbi-siyasi gedişləri, dəmir yumruğu, əyilməz iradəsi və cəsarəti, ikincisi, yüksək peşəkarlığa malik qəhrəman və qorxmaz Azərbaycan Ordusu, üçüncüsü isə xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik müharibənin taleyini həll etdi. Müzəffər Ali Baş Komandanımız və şanlı Azərbaycan Ordusunun ön cəbhədə vuruşan hər bir nümayəndəsi bizim ən yeni tariximizin qəhrəmanlarıdır. Onlar nəinki Azərbaycanın, hətta dünyanın hərb tarixində yeni səhifə açdılar. Müstəqil Azərbaycan müasir tariximizin iki qüdrətli Liderinin – müstəqil Azərbaycan dövlətinin qurucusu olan ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı prezident, Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir.

Sonra Vətən müharibəsi iştirakçıları Azər Abdullazadə, Şahin Rəhmanlı, Cavid Həsənov, Rəcəb Novruzov, Xankişi Yusifov və Qədimov Çingiz çıxış edərək Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, Vətən müharibəsi barədə təəssüratlarını bölüşüblər.

Daha sonra QHT nümayəndələri Zəfər Gününü Azərbaycan xalqına yaşatdıqları üçün Ali Baş Komandan, prezident İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarlıqlarını bildiriblər.