YeniAvropa xəbər verir ki, prosesdə şahid qismində Elçin Ələkbərov ifadə verib. Şahid ifadəsində mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu deyib: “Elmarla dostluq münasibətimiz var. Zəng vurub dedi ki, mənə "iPhone 11 ProMax" lazımdır. Ortaq dostumuz Elgiz gəldi, telefonu götürüb getdi. Telefonu 2400 manata satmışam".
Şahid telefonun kimə alındığından xəbəri olmadığını deyib: "Elmar dedi ki, hədiyyə üçün lazımdır. Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılanda bildim ki, Ata Abdullayevə alınıb. Onunla tanışlığım olmayıb, sadəcə videobloger kimi sosial şəbəkələrdən tanımışam".
Ata Abdullayev şahiddən telefonun nə zaman alındığını soruşub. Şahid tarixi tam xatırlamadığını deyib. A.Abdullayev şahidin istintaq zamanı telefonu 2019-cu ildə verdiyini vurğulayıb: "Mən 2019-cu ildə Azərbaycanda olmamışam. Hadisə 2020-ci ildə olub".
Məhkəmədə A.Abdullayevin ixtisasca dizayner olan xalası oğlu Səməd Məmmədov da dindirilib. Şahid ifadəsində A.Abdullayevin səhifəsini idarə etdiyini deyib: "Mənim işim videoları montaj edib, paylaşmaq olub. Gündəlik saytlardan maraqlı xəbərləri götürüb, səhifədə paylaşmışam. Canlı yayımları mən etməmişəm. Sadəcə mənə tapşırılan videoları montaj etmişəm. Ata Abdullayevin kimdənsə pul tələb etməyini eşitməmişəm, görməmişəm".
Şahid qismində ifadə verən Namiq Əliyev cinayət işində adı keçən telefonu mağazadan aldığını göstərib: "Metronun “28 May” stansiyasının yaxınlığında telefon dükanına getdim. Öz telefonumu verdim və "iPhone 11 ProMax" telefonu aldım. Öz telefonumu 800 manata satdım, üstündə də 1200 manat verdim. Qutuda təzə telefonu götürdüm. Bu il yay aylarında Dövlət Təhlükəsizliyi Xidmətindən zəng etdilər, dedilər telefon Ata Abdullayevin olub. Telefonu haradan aldığımı söylədim. Hazırda həmin telefonu işlədirəm”.
Məhkəmədə telefon satışı ilə məşğul olan Azər Abbasov şahid qismində dindirilərkən A.Abdullayevi tanıdığını deyib: "Bizim mağazanın yanında yaşayırdı. Münasibətimiz vardı, bizdən telefon alırdı. Həmin "iPhone 11 ProMax"ı mənə satıb. Mən də həmin telefonu qonşu dükana Səyyada vermişəm. O da telefonı müştəriyə satıb".
Cinayət işi üzrə adı hallanan Səyyad Əliyev telefonu 2000 min manata satdığını deyib: "Dövlət Təhlükəsizliyi Xidmətindən zəng etdilər, telefonu kimdən aldığımı soruşdular. Dəftərə baxanda gördüm ki, telefonu Azər Abbasov verib. Azərdən bu barədə soruşanda dedi ki, Ata Abdullayevdən alıb. Biz də sənədləri DTX-ə təqdim etdik".
Şahid qismində dindirilən Elgiz Əliyev ifadəsində zərərçəkmiş Elmar Əliyevlə yaxın dost olduqlarını deyib: "Dostlarımız Ata Abdullayevin Elmarla bağlı nəsə paylaşdığını dedilər. Elmarla danışdım, dedi ki, Ata onun haqqında videolar hazırlayıb şantaj edir. Məsələnin Tural Heydərlidən qaynaqlandığını dedi. Turalla Elmarın problemləri olduğunu bilirdim. Tural da onu şantaj edirdi. Elmar onunla bağlı Səbail rayon Məhkəməsinə müraciət etmişdi. Hətta birdə Elmara şər atmışdı ki, onu döyüb. Elmara cinayət işi açırdılar. Elmar mənə zəng etdi ki, Elçinin mağazasına gedib, telefon götürmək lazımdır, razılaşdım. Pulu ondan alanda dedi ki, Ata Abdullayev şantaj etdiyi üçün ona telefon verəcək. Elçindən 2400 manata telefonu aldım. Ataya zəng edib, dedim ki, telefon məndədir. “28 May” metrostansiyasının yaxınlığında maşında gözləyirdim. Bir nəfər yaxınlaşdı və telefonu götürməyə gəldiyini dedi. Mən də telefonu ona verdim”.
Tərəflərin suallarını cavablandıran şahid Elmarın A.Abdullayevin şantajlarından qorxduğu üçün ona telefon aldığını bildirib: "Elmar dedi ki, telefon alandan sonra onun haqqında heç nə yazılmayıb".
A.Abdullayev şahiddən dostu ilə bağlı videoya baxıb-baxmadığını soruşub. Şahid isə videoya baxmadığını deyib: "Maraqlı deyildi, çünki söhbətlərin haradan qaynaqlandığını bilirdim. Tural Heydərlini Ata Abdullayev çox yaxşı tanıyır. Hətta onun dalınca Xətai Polis İdarəsinə də gəlmişdi. Həmin vaxt mən də oradaydım".
Bloger şahidin çıxışına etiraz edərək mahiyyəti üzrə suala cavab verməsini tələb edib: “Bu, şantaj deyil. Şantajı 2016-cı ildə Surxaygil ("Bizim Dövr" qəzetin baş redaktoru Surxay Əliyevi nəzərdə tutur-red.) edib. Onlarda qat-qat bundan çox ediblər. Cildlərlə cinayət işi materialları vardı. Lakin məhkəmənin humanistliyindən onlar məhkəmə zalından azadlığa çıxdılar. İnşallah mən də buradan çıxacam”.
Məhkəmə prosesi noyabrın 16-da davam edəcək.
Qeyd edək ki, cinayət işi üzrə dörd nəfər zərərçəkmiş qismində tanınıb: Elmar Əliyev, Cəmil Babayev, Elçin Əliyev və Şahlar Həsənov. A.Abdullayevin adları çəkilən şəxsləri şantaj edib, onlardan pul tələb etdiyi iddia olunur.
A.Abdullayev bu ilin martin 12-də DTX tərəfindən saxlanılıb.