logo

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

17:57 25-10-2021 | icon 1750
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 27-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunması, güclü küləyin əsməsi, arabir yağış yağması, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olması, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçməsi barədə proqnozu əhalinin diqqətinə çatdırılıb.

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir: “Güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən, hündür ağaclardan uzaq durmaq, elektrik dirəyi və naqillərinin altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Həmçinin leysan xarakterli intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur”.