İsveçrənin Sürix Beynəlxalq Aeroportu Avropa regionu üzrə növbəti dəfə Dünya Səyahət Mükafatına layiq görülüb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, dünyanın 85 ölkəsi üzrə 340 aeroportu haqqında müxtəlif kateqoriyalar üzrə sorğunu otelçilik və səyahət ekspertləri cavablandırıblar. Müştəri məmnunluğu, məhsul və xidmətlərin keyfiyyəti kateqoriyalarında bütün Avropa aeroportlarını üstələyən Sürix Beynəlxalq Aeroportu növbəti dəfə birinciliyi qoruya bilib.
Hava daşınması üzrə qiymətləndirmədə “British Airways” “Avropanın aparıcı aviaşirkəti” və eləcə də “Avropanın aparıcı aviaşirkəti – First Class”, “Air France” “Avropanın aparıcı aviaşirkəti – Business Class” və “Lufthansa” isə “Avropanın aparıcı şirkəti – Economy Class” nominasiyaları üzrə qalib olublar.
Jüri, həmçinin ən yaxşı turizm istiqamətləri, otel və restoranlar üzrə də Avropa qaliblərini müəyyən edib. İstanbulda yerləşən “Çırağan Palace Kempinski” 2021-ci il üzrə Avropanın ən yaxşı oteli adına layiq görülüb.
Qeyd edək ki, otelçilik və səyahət sahəsində ekspertlərdən ibarət beynəlxalq jüri 27 ildən bəri səyahət və turizm sektoru istiqamətində müxtəlif kateqoriya və seqmentlər üzrə qiymətləndirmə aparır və Dünya Səyahət Mükafatı həmin qiymətləndirmə əsasında verilir.