logo

Türkiyə ABŞ da daxil olmaqla 10 ölkənin səfirini ölkədən qovacaq

20:30 23-10-2021 | icon 3017
Türkiyə ABŞ da daxil olmaqla 10 ölkənin səfirini ölkədən qovacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ da daxil olmaqla 10 ölkənin səfirlərini arzuolunmaz şəxs elan etmək barədə Xarici İşlər Nazirliyinə təlimat verdiyini açıqlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, buna səbəb səfirlərin  2015-ci ildə Türkiyədə baş vermiş Gəzi parkı etirazlarının təşkilatçılarından biri hesab edilən Osman Kavalanın həbsdən dərhal azad edilməsi barədə oktyabrın 18-də verdikləri birgə bəyanatdır.

Prezident Ərdoğan bu gün Eskişehirdə bir sıra layihələrin açılış mərasimində çıxışı zamanı həmin ölkə səfirlərinin ünvanına sərt ifadələr işlədib. “Yatırlar, qalxırlar, Kavala ha Kavala...Kavala dediyin Sorosun Türkiyə şöbəsi...10 dənə səfir onun üçün Xarici İşlər Nazirliyinə gəlir. Bu nə tərbiyəsizlikdir ya...Siz burayı nə zənn edirsiniz ya? Burası Türkiyə...Türkiyə...Burası sizin zənn etdiyiniz kimi hansısa qəbilə dövləti deyil. Burada təlimat vermək kimi bir yola əl ata bilməzsiniz. Gərəkli təlimatı mən xarici işlər nazirinə verdim. Bu 10 dənə səfirin arzuolunmaz adam elan edilmələrini dərhal həll edəcəksiniz dedim. Bunlar Türkiyəni tanıyacaq, anlayacaq, biləcəklər. Türkiyəni bilmədikləri, anlamadıqları gün buranı tərk edəcəklər”,-deyə Ərdoğan vurğulayıb.

QHT fəalı və biznesmen olmuş Osman Kavalanın həbsinin 4 ilinin tamam olması münasibətilə oktyabrın 18-də ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiyanın Türkiyədəki səfirləri ortaq bəyanat imzalamışdı. Həmin açıqlamada Avropa İnsan Haqları Məhkəməsinin barəsində bəraət qərarı çıxardığı Kavalanın dərhal azad edilməsi tələb edilirdi. Bu bəyanatla bağlı səfirlər Türkiyə XİN-ə çağırılıb və onlara ölkənin daxili işlərinə qarışdıqları, Kavala barəsində davam edən məhkəmə prosesinə təsir göstərməyə cəhd etdikləri üçün xəbərdarlıq bildirilib.