logo

Bakıda 79 lerikliyə saxta "COVID-19" pasportu alan yaxalandı-üstündən daha 300 pasport çıxdı

14:54 23-10-2021 | icon 2100
Bakıda 79 lerikliyə saxta "COVID-19" pasportu alan yaxalandı-üstündən daha 300 pasport çıxdı

Saxta yollarla COVID-19 pasportu əldə etməyə çalışan və bu işdən gəlir mənbəyi kimi istifadə edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, paytaxtın Nizami rayon Polis İdarəsinin əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti belə tədbir nəticəsində Lerik rayon sakini Eminəli Həşimovun Bakı şəhərinin ərazisində yaşayan həmyerlilərini 40 manat müqabilində vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməklə həmin şəxslərə guya vaksinasiya olunmaları ilə bağlı saxta COVID-19 pasportları satdığı müəyyənləşib.

Həyata keçirilən əməliyyat zamanı həmin qanunsuz fəaliyyətlə məşğul olan Eminəli Həşimov, eləcə də özü və iki nəfər ailə üzü üçün üç ədəd saxta COVID-19 pasportu alan Araz Əmrəliyev iş başında saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Eminəli Həşimov Lerik rayonundan Bakı şəhərinə gələrək burada yaşayan, lakin həmin rayonda qeydiyyatda olan 79 nəfərin adına tərtib edilən saxta COVID-19 pasportunu özü ilə birlikdə gətirib. Həmin pasportlar onda aşkarlanaraq maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamında Eminəli Həşimovun üzərindəki mobil telefondan saxta pasport hazırlamaq üçün Lerik rayonunda qeydiyyatında olan 300-ə yaxın vətəndaşın şəxsiyyət vəsiqələrinin şəkli, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkarlanıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırmalar aparılır.

Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması ilə əlaqədar saxta sənəd verilməsi halları ilə üzləşdikdə 102 - Xidməti Zəng Mərkəzi və nazirliyin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilmələrini xahiş edib.