Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko aclıq aksiyası keçirən həyat yoldaşının vəziyyətinin kritik həddə çatdığını bildirib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Yelizaveta Yasko "Facebook" hesabında məlumat paylaşıb. "Gürcüstan həbsxanasında olan Mixeil Saakaşviliyə dördüncü dəfədir baş çəkirəm. Bu gün çox danışdıq. Təxminən beş saat... Bu gün aclıq aksiyasının 22-ci günüdür. Mixeil, əvvəlki kimi sonadək mübarizə aparmaq əzmindədir. Mən ondan dəfələrlə aclığı dayandırmasını xahiş etmişəm, amma qərar dəyişilməzdir. Mixeil Saakaşvilinin səhhəti pisləşir və bu, çox açıq şəkildə görünür. Onun tab gətirməsinə şadam. Amma bu dəfə kədərliyəm. Çünki onun təhlükədə olduğunu başa düşürəm. Və artıq kritik vəziyyətə yaxınlaşır", - deyə Y.Yasko paylaşımında qeyd edib.
Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.