logo

DTX ilahiyyatçı İlqar İbrahimoğlunu bir neçə saat dindirdi və sərbəst buraxdı

11:55 20-10-2021 | icon 1848
DTX ilahiyyatçı İlqar İbrahimoğlunu bir neçə saat dindirdi və sərbəst buraxdı

İlahiyyatçı İlqar İbrahimoğlunun Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində bir neçə saat şahid qismində dindirildikdən sonra oktyabrın 20-də gecə saat 2 radələrində sərbəst buraxılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə İlqar İbrahimoğlunun özü "Facebook" səhifəsində canlı yayımda danışıb.

O bildirib ki, oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıb.

“Mən hazırda sərbəstəm. Məni gəlib evimdən aparıblar. Bir neçə saat şahid qismində dindirilmişəm. Maraqlandırılan suallara cavb vermişəm. Geniş, ətraflı müzakirələr olub. Bütün sürəc boyunca çox peşəkar, korrekt davranılma olub. Hazırda mənə ünvanlanan bütün suallar, məsələlər cavablandırıldığı üçün sərbəst buraxılmışam,” ,-deyə o, qeyd edib.

İ.İbrahimoğlu həmçinin telefonuna bir neçə gün əlçatımlığı olmayacağını və bu səbəbdən ona telefon və sosial şəbəkələr vasitəsi ilə müraciət edilməməsini xahiş edib.

Bununla yanaşı, İlqar İbrahimoğlu hansı cinayət işi üzrə dindirilməsi və dindirilmənin detalları barədə məlumat verməyib. O həmçinin yenidən dindirilmə üçün dəvət edilib-edilməyəcəyini də deməyib.

Dövlət Təhlükəsizliyi Xidməti də ilahiyyatçının dindirilməsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.

İlahiyyatçının şahid qismində dindirilməsi İran-Azərbaycan münasibətlərinin gərgin olduğu bir vaxta təsadüf edir.

Ilqar Ibrahimoğlu bundan öncə 2003-cü ildə prezident seçkilərindən sonra həbs edilib. O 2004-cü ilin aprelində beş il şərti həbs cəzası ilə azadlığa buraxılıb.