Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 20-dən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (metronun “Gənclik” stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci Respublika sərgi-satış yarmarkası fəaliyyətə başlayıb.
YeniAvropa xəbər verir ki, yarmarkaya çıxarılan balın və digər arıçılıq məhsullarının ümumi həcmi 120 tona yaxındır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.
Vətəndaşlar 20 oktyabr-7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.