logo

Ata Abdullayev məhkəmədə hakimə ata deyib hönkür-hönkür ağladı

16:11 19-10-2021 | icon 1876
Ata Abdullayev məhkəmədə hakimə ata deyib hönkür-hönkür ağladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqer Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

YeniAvropa xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə Ata Abdullayev çıxış edib. 

O, qeyd edib ki, günahı yoxdur: “Mən buradan çıxmaq istəyirəm. 8 aydır 6 kvadrat metrlik otaqda tək qalıram. Düzdür, iki dəqiqədən bir mənim təhlükəsizliyimi, psixoloji durumumu yoxlayırlar. Cənab hakim, mənim atam yoxdur, sizdən ata kimi xahiş edirəm...”

Bu zaman Ata Abdullayev hönkür-hönkür ağlayıb. Daha sonra prokuror ittiham aktını elan edib. 

İttihamda göstərilib ki, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Ata Abdullayev Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışları ilə bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edib, ondan 10 min manat istəyib. 

Son nəticədə 2400 manatlıq “iPhone” 11 Pro Max telefonu alıb.

Bundan başqa, Ata Abdullayev Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Ata Abdullayev aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15000 manat pul tələb edib.

Hakim Fikrət Qəribov Ata Abdullayevdən ittihamlara münasibətini soruşub və o, belə cavab verib: “Mən məhkəmə zalında iştirak eləmək istəmirəm. Çıxarın məni buradan. Haqqımı sizə halal edirəm, nə qədər istəyirsiz, hökm oxuyun”.

O, ittihama münasibət bildirərkən orada yazılanlarla razı olmadığını bildirib. Daha sonra zərərçəkmiş Elmar Əliyev ifadə verib. O bildirib ki, Ata Abdullayevlə bir neçə dəfə telefon danışığı olub: “Mənimlə aqressiv danışırdı. Elə tez-tez danışırdı, heç nə dediyini tam anlamaq olmurdu. Mənə zəng eləyəndə onu həyatda görməmişdim, sosial şəbəkələrdən tanıyırdım. Mənim biznes şərikim vardı, onunla aramızda problem oldu. Bundan sonra Ata Abdullayev mənə zəng elədi. Mənə deyirdi ki. sən məmursan. Dövlətin malını yeyirsən, talayırsan, satırsan. Guya mən Avropa Oyunlarından sonra Olimpiya kəndində evlərdən mebelləri və başqa əşyaları mənimsəmişəm, satmışam. Əlbəttə ki, yalandır. O, mənə zəng eləyəndə fikirləşdim ki, ictimaiyyət arasında tanınan adam deyiləm, məmur deyiləm, niyə mənə zəng eləsin? Mən müqavilə işləyən mühasib olmuşam. İngilis dilini bildiyimə görə dəvət ediblər, xarici mütəxəssislərlə işləmişəm. Anladım ki, şərikim Turalın sifarişidir. Özü də növbəti zəngdə mənə dedi ki, sən Turalı döymüsən. Onda lap əmin oldum. Pulu vermədim, canlı yayım açıb, mənim haqqımda danışdı. Özüm baxmamışdım, tanışlar, qohumlar zəng eləyərək bu barədə dedilər. Əvvəl 10 min demişdi, sonra iphone istədi. Dostumdan xahiş elədim, 2400 manata aldı, apardı Ata Abdullayevin göndərdiyi adama verdi. Dostum telefonu alanda kodunu çəkib saxlamışdı. Bundan sonra Ata Abdullayev məndən əl çəkdi, canlı yayımı da sildi”.

Zərərçəkmiş bildirib ki, Ata Abdullayev onu məmur kimi təqdim edib: “Mənim haqqımda elə danışırdı ki, sanki nazirəm, nazir müaviniyəm. Bu adam pulla sifarişlər yerinə yetirir. Bunu hamı bilir. Bu canlıya çıxanda mənə dedilər ki, hamı bilir, niyə eləyir, nə istəyir ver, əl çəksin”.

Ata Abdullayev zərərçəkmişin yalan danışdığını, onun haqqında heç bir video yaymadığını, onu şantaj etmədiyini bildirib.

Növbəti proses oktyabrın 26-da davam edəcək.

İttihama görə, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin martında saxlanılıb. 

Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb.

Onun barəsində Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilib.