logo

"AZAL" yeni “Boeing 787 Dreamliner”lər almağa hazırlaşır

15:51 14-10-2021 | icon 2947
"AZAL" yeni “Boeing 787 Dreamliner”lər almağa hazırlaşır

Oktyabrın 14-də Bakı şəhərində “Azərbaycan Hava Yolları”(AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar görüşlə səfər edən “Boeing Commercial Airplanes” şirkətinin Rusiya və MDB ölkələrində Satış və Marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşüb. Görüşdə, həmçinin şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak edib.

"AZAL"ın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,görüş çərçivəsində “Azərbaycan Hava Yolları” aviaşirkəti üçün yeni “Boeing 787 Dreamliner” təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib. Tərəflər “Boeing” korporasiyası tərəfindən 9 genişfüzelyajlı “Dreamliner” təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr "AZAL"ın hava gəmiləri parkına daxil olan mövcud “Boeing 757”, “Boeing 767” və “Airbus A340” təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.

Müvafiq təklif hazırlandıqdan sonra “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.

Hazırda "AZAL" aviaşirkəti uzaqməsafəli istiqamətlərdə özünü doğruldan iki “Boeing 787-8 Dreamliner” təyyarəsini istismar edir.

Qeyd edək ki, "AZAL" postsovet məkanında “Boeing 787-8 Dreamliner” təyyarəsi istismar edən ilk aviaşirkətdir. Aviaşirkətin hava gəmiləri parkına belə yeni təyyarələrin daxil edilməsi “Azərbaycan Hava Yolları”nın bütün dünyada uçuşlarının coğrafiyasını daha da genişləndirəcək.

Görüş zamanı tərəflər "AZAL" və “Boeing” arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndiriblər və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.