logo

Azərbaycan Avropada virusa yoluxma sayının sürətlə azaldığı iki ölkədən biridir-Hande Harmancı

19:18 12-10-2021 | icon 1855
Azərbaycan Avropada virusa yoluxma sayının sürətlə azaldığı iki ölkədən biridir-Hande Harmancı

Sentyabrdan etibarən koronavirusa yoluxma sayları azalır. Azərbaycanda ikinci doza vaksin qəbul edən insanların sayı 40 faizi keçib. Bütün bunların nəticəsində hazırda Azərbaycanda sərt qapanmalar tətbiq olunmur. Azərbaycan Avropada virusa yoluxma sayının sürətlə azaldığı iki ölkədən biridir.

YeniAvropa xəbər verir ki, bu fikirləri jurnalistlərə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı Avropa İttifaqı və ÜST-nin COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün Səhiyyə Nazirliyinə tibbi ləvazimatların təhvil verilməsi ilə bağlı keçirilən tədbir çərçivəsində deyib.

“ÜST və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində xüsusilə tibbi işçilərini qoruyan ləvazimatlar Azərbaycana gətirilib. Həmçinin ağır xəstələr üçün də ləvazimatlar var. Ümid edirik ki, layihənin sonuna qədər texniki dəstək, həm də ləvazimatla bağlı dəstək göstərməyə davam edəcəyik”, - deyə Hande Harmancı bildirib.

O qeyd edib ki, immun sistemi aşağı olan insanların koronavirus peyvəndini vurdurması vacibdir. Hansı xəstəliklərə peyvəndin əks göstəriş olduğu ilə bağlı qərar isə Azərbaycan hökumətinə aiddir. Bir çox ölkələrdə bəzi peyvəndlərin 16 yaşa qədər uşaqlara vurulması qəbul olunub. Bununla bağlı araşdırmalar davam edir. Ən vacib olan hər kəsin Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməsidir.

Xatırladaq ki, oktyabrın 12-də Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün 2 ədəd invaziv və 1 ədəd qeyri-invaziv süni tənəffüs aparatı, 4 xəstə monitoru, yüksək axınlı oksigen verilməsi üçün 12 nazal kanyula və COVID-19-un aşkarlanması üçün 4000 PZR testi üçün reagent Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verib. Bundan əlavə COVID-19 hallarının müşahidəsində istifadə üçün 100 ədəd tablet, 5 ədəd noutbuk, 5 ədəd modem və onlar üçün gərəkli proqram təminatı Səhiyyə Nazirliyinə təqdim edilib.