logo

Hulusi Akar Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb

19:49 04-10-2021 | icon 2723
Hulusi Akar Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.

YeniAvropa  xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri və regionda təhlükəsizliyə təhdidlər diqqət mərkəzində olub.

Söhbət zamanı tərəflər, Gürcüstan ilə Türkiyə arasında strateji tərəfdaşlığın və sıx ikitərəfli əlaqələrin əhəmiyyətini qeyd ediblər.

Bildirilib ki, onilliklər ərzində Türkiyənin Gürcüstana praktiki dəstəyi ölkənin Müdafiə Qüvvələrinin inkişafında xüsusi rol oynayıb.

Müdafiə mexanizmlərinin gücləndirilməsində və təhdidlərin qarşısının alınmasında çoxmillətli birgə hərbi təlimlərin rolu, bu işdə müttəfiqlərin və dostların fəal iştirakının əhəmiyyəti də diqqət mərkəzində olub.

Baş nazir Türkiyənin Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və NATO-ya üzvlüyünə davamlı dəstəyinə görə, Hulusi Akara təşəkkür edib.

Görüşdə bölgədəki vəziyyət və təhlükəsizlik məsələləri də nəzərdən keçirilib.

Qeyd olunub ki, Gürcüstan tərəfi münaqişələrin yalnız beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində həll edilməsini alqışlayır və bu yolun alternativi mövcud deyil.