logo

Kreml Putin-Ərdoğan görüşünün detallarını açıqlayıb

16:30 30-09-2021 | icon 2555
Kreml Putin-Ərdoğan görüşünün detallarını açıqlayıb

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan konstruktiv danışıqlar aparıblar.

YeniAvropa xəbər verir ki,  bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O əlavə edib ki, bu görüş hər iki tərəf üçün çox faydalı, lazımlı idi.

D.Peskovun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafındakı müsbət dinamika çox yaxşı potensialın olduğunu təsdiqləyir.

Liderlər Qarabağda nizamlama mövzusuna toxunublar.

Kremlin nümayəndəsi deyib: “Rusiya tərəfindən qeyd olunub ki, tərəflər sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı üzrə güzəştli həll yolunu axtarmalıdırlar”.

Rusiya və Türkiyə prezidentləri kosmik sahədə əməkdaşlığı, o cümlədən türkiyəli kosmonavtın uçuşa hazırlanması, Rusiyanın “Triumf” komplekslərinin Türkiyəyə tədarükü məsələlərini də müzakirə edib, Əfqanıstan, Liviya və Suriyadakı vəziyyəti ətraflı nəzərdən keçiriblər.

D.Peskov deyib: “Bundan əvvəl əldə edilən razılaşmalara sadiqlik təsdiq olunub, İdlibdə hələ də qalan, Suriya ordusuna münasibətdə təhlükə yarada və aqressiv hücum əməliyyatları yerinə yetirə biləcək terrorçu ünsürlərin çıxarılması planında bu razılaşmaların icrasının zəruriliyi vurğulanıb”.

Sonda V.Putin və R.T.Ərdoğan sanitar-epidemioloji vəziyyətin imkan verəcəyi təqdirdə ilin sonunadək yeni görüş barədə razılığa gəliblər.