logo

Ərdoğan: Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli fürsət olacaq

15:51 30-09-2021 | icon 2674
Ərdoğan: Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli fürsət olacaq

Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli fürsət olacaq. Burada inşa olunacaq avtomobil və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün ticari-iqtisadi imkanlar yaradacaq. Azərbaycan bu dəhlizin reallaşması üçün genişmiqyaslı işlər görür. Təbii ki, Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməlidir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən qayıdarkən media nümayəndələrinə açıqlamasında bildirib.

Soçi səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə müxtəlif mövzuların müzakirə olunduğunu deyən Türkiyə prezidenti bildirib: “Görüşümüzün əsas mövzusu regional məsələlər idi. Suriya, Qarabağ, Liviya və Əfqanıstanda baş verənləri ətraflı şəkildə dəyərləndirmək imkanımız oldu. Eyni zamanda, Azərbaycan məsələsini də müzakirə etdik. Atıla biləcək birgə addımlar haqqında səmimi və səmərəli fikir mübadiləsi apardıq”.

Müzakirə olunan digər məsələlərə toxunan Prezident Ərdoğan deyib: “Səfər çərçivəsində Rusiya prezidenti ilə strateji əməkdaşlıq sahəsi olaraq gördüyümüz enerji sahəsində mövcud əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılığa gəldik. Türk axını və Akkuyu Atom Elektrik Stansiyası layihələri ilə bağlı vəziyyəti qiymətləndirdik. Turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığımızı inkişaf etdirməyin vacibliyini də vurğuladıq. Rusiya bizə turizm sahəsində çox ciddi dəstək verdi. Turizmlə bağlı yaşadığımız problemləri Rusiyadan gələn turistlər sayəsində aradan qaldırdıq”.

Yaxın zamanda Rusiya prezidentinin Türkiyəyə səfər edəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Şuranın Toplantısının da Türkiyədə keçirilməsi ilə bağlı razılıq əldə olunduğunu diqqətə çatdırıb.