logo

"BMW" Çinə daha 3,87 milyard dollar sərmayə qoyacaq

14:18 25-09-2021 | icon 3143
"BMW" Çinə daha 3,87 milyard dollar sərmayə qoyacaq

Almaniyanın məşhur avtomobil istehsalçısı "BMW" Çinin Liaonin vilayətindəki ortaq müəssisələrinə 25 milyard yuan (təxminən 3,87 milyard ABŞ dolları) sərmayə yatıracaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə "BMW"nin İdarə Heyətinin sədri Oliver Sipse Çində keçiriləcək beynəlxalq idxal sərgisinin təşviqinə həsr olunan onlayn konfransda deyib. Bu, Almaniya şirkətinin 2009-cu ildən bəri Çinin Şenyan şəhərinə yatırdığı 9,9 milyard dollarlıq sərmayəyə əlavə olacaq.

"BMW"nin Çindəki əsas istehsal müəssisələri və tədqiqat mərkəzi Şenyanda yerləşir. Şirkətin Çindəki ortaq müəssisəsi olan “BMW Brilliance Automotive” bir neçə ildir Şenyanın ən böyük vergiödəyicisidir. Bu günlərdə müştərək müəssisədə 4 milyonuncu avtomobil istehsal olunub.

Qeyd edək ki, "BMW" 1994-cü ildə rəsmi olaraq Çin bazarına girəndən bəri satışları davamlı artır. Belə ki, 2004-cü ildə cəmi 8707 avtomobil satılmışdısa, ötən il bu rəqəm 777 mini ötüb. “BMW Group” keçən il Çin avtomobil satışı bazarının 3,11 faizinə malik olub.