Paytaxtda iyirmi gün əvvəl itkin düşən 12 yaşlı uşaq tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, belə ki, Binəqədi rayon sakini olan Xalid Əmirxanov Binəqədi rayon Polis İdarəsinə müraciət edərək oğlu 12 yaşlı Əmirxanın itkin düşməsi barədə məlumat verib.O, izahatında oğlunun 20 günə yaxındır ki, evdən çıxdığını və geri qayıtmadığını bildirib.
Məlumat daxil olan kimi dərhal azyaşlının axtarışlarına başlanılıb. Rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində 12 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib.
Araşdırma zamanı müəyyən olunub ki, o evdə olmadığı müddətdə paytaxtdakı müxtəlif məkanlarda, əsasən də avtomobil dayanacaqlarında küçə ticarəti ilə məşğul olub. Polis bölməsində azyaşlının valideyni ilə profilaktik söhbətlər aparılıb. Ona övladının təlim-tərbiyəsi ilə ciddi məşğul olması tövsiyə edilib.
DİN bir daha valideynlərə müraciət edərək bildirir ki, övladları daim nəzarətdə saxlamaqla baş verə biləcək belə halların qarşını vaxtında alsınlar.