Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sifarişi ilə Bakı şəhərinin Ziya Bünyadov prospekti, 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında yeni yerüstü piyada keçidi inşa edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, beynəlxalq standartlara cavab verən müasir texnologiyalar əsasında ekoloji cəhətdən təhlükəsiz və keyfiyyətli materiallardan istifadə edilərək tikilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Özünün memarlıq elementləri və müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 90 metr, qalereyanın uzunluğu 57, 10 metr, daxili eni 3,5 metr, keçidaltı qabariti isə 5,8 metrdir.
İki giriş-çıxışdan ibarət keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri, həmçinin fasiləsiz nəzarətə imkan yaradan videomüşahidə qurğuları quraşdırılıb.