logo

Türkiyə və Gürcüstan liderləri Nyu-Yorkda bölgədəki vəziyyəti müzakirə ediblər

11:33 22-09-2021 | icon 3157
Türkiyə və Gürcüstan liderləri Nyu-Yorkda bölgədəki vəziyyəti müzakirə ediblər

Gürcüstanın baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan Hökumət dəftərxanası məlumat yayıb.

Bildirilib ki, görüşdə İrakli Qaribaşvili bu yaxınlarda Türkiyəyə dövlət səfərini xatırladıb və yüksək qonaqpərvərliyə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Görüşdə bölgədəki vəziyyət diqqət mərkəzində olub, tərəflər yaranmış sabitliyin region ölkələrinin hərtəfəli inkişafına geniş imkanlar yaratdığını qeyd ediblər.

İ.Qaribaşvili deyib ki, Gürcüstanın ən vacib məqsədi regionda sülh və sabitliyi dəstəkləməkdir. Gürcüstan Qafqaz regionunda uzunmüddətli sülh və sabitlik üçün sülhməramlı funksiyasını yerinə yetirməyə hazırdır.

Danışıqlar zamanı Gürcüstan baş nazirinin vasitəçiliyi və ABŞ-ın iştirakı ilə Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşma, bunun nəticəsində Ermənistan vətəndaşlarının sərbəst buraxılması və minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi müzakirə edilib.

Qeyd olunub ki, bu saziş qonşular arasında gələcək əməkdaşlıq üçün yaxşı əsasdır.

Hökumət başçısı prezident Ərdoğanın iki ölkə arasındakı strateji tərəfdaşlığı daha da dərinləşdirmək üçün səylərini xüsusi vurğulayıb, Gürcüstan-Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsinin prioritet olduğunu qeyd edib, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının ilin sonuna qədər keçiriləcəyinə ümid etdiyini bildirib.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, regional əhəmiyyətli birgə layihələr səmərəli strateji tərəfdaşlıq, davamlı inkişaf və Gürcüstan ilə Türkiyə arasında etibarlı tərəfdaşlığın yaxşı nümunəsidir.

Görüş zamanı çoxtərəfli əməkdaşlığa da diqqət yetirilib. Üçtərəfli əməkdaşlığın Gürcüstan-Türkiyə-Azərbaycan formatına böyük önəm verildiyi qeyd edilib. Bu çərçivədə tərəflər müxtəlif sektorlarda geniş spektrli məsələləri müzakirə ediblər.

Baş nazir Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, habelə Avropa və Avroatlantik inteqrasiya prosesinə göstərdiyi şəxsi dəstəyə görə Prezident Ərdoğana bir daha təşəkkür edib.

Görüşün sonunda baş nazir Nyu Yorkdakı “Türk Evini” ziyarət edib, xatirə dəftərinə ürək sözlərini yazıb.