logo

“Aztelekom” və “Baktelecom” internet xidməti üzrə tarifləri endirib

19:39 21-09-2021 | icon 3003
“Aztelekom” və “Baktelecom” internet xidməti üzrə tarifləri endirib

İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib. Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin olunub. Bu da onlayn qoşulma, ağır həcmli yükləmələr və digər əməliyyatların sürətli icrasına imkan yaradıb.

Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün aylıq istifadə haqqı minimum 35 faizədək endirilib. O cümlədən, GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub.

Məlumat üçün bildirək ki, “Baktelecom.az” saytı üzərindən “onlayn qoşulma” funksiyası da fəaliyyət göstərir. Optik internet xidmətinə qoşulmanı seçilən tarif əsasında məsafə qət etmədən və növbələrdə vaxt itirmədən onlayn sifariş etmək mümkündür.

Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətin rəsmi veb-səhifəsi üzərindən əldə etmək olar.