logo

İpotekada olan ev və bir maşından başqa heç nəyim yoxdur-Həbsdə olan “Yeni Klinika”nın direktoru

18:33 21-09-2021 | icon 1953
İpotekada olan ev və bir maşından başqa heç nəyim yoxdur-Həbsdə olan “Yeni Klinika”nın direktoru

Bakıda pandemiya ilə əlaqədar əsasən koronavirusa yoluxanların müalicə olunduğu "Yeni Klinika"nın keçmiş direktoru, rüşvət almaqda günahlandırılan Pərviz Abbasov ona qarşı irəli sürülən ittihamın yalan olduğunu deyir.

YeniAvropa xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan prosesdə o bildirib ki, rüşvətdən uzaq bir adamdır və  yalnız özünün bilik və təcrübəsi ilə pul qazandığı halda, belə bir əməldə suçlanmasından, həm də, mənəvi əzab çəkir.

"Kimsə deyə bilməz ki, mən ondan indiyədək 1 manat rüşvət almışam. Müxtəlif xəstəxanalarda işləmişəm, Tibb Universitetində dərs demişəm. İndiyədək yaşadığım ömrün böyük bir hissəsini səhiyyəyə vermişəm, uzun illər cərrah işləmişəm. Nəticəsi də budur ki, indi dörd divar arasına salınmışam. Araşdırın, görün ki, mənim ipotekada olan ev və bir maşından başqa nəyim var?..", -deyə Pərviz Abbasov məhkəmədə çıxışı zamanı deyib.

Qeyd edək ki, Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə), digər təqsirləndirilən şəxslərə isə həmin Məcəllənin 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 

2020-ci ilin aprelindən həbsdə olan keçmiş klinika direktoru ilə yanaşı, məhkəmə qarşısına daha dörd nəfər–"Buta" Klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov, "Avrasiya" Klinikası və "Viola" MMC-nin meneceri Vüsalə Əliyeva və rəsmi heç yerdə işləməyən Samir Mirzəyev çıxarılıb .

Məhkəmədə Samir Mirzəyev də onun dediklərini təsdiqləyib. O bildirib ki, istintaq dövründə prokurorluqda təzyiq yoluyla Abbasovun əleyhinə ifadəyə imza atmağa məcbur edilib: "Mən Pərviz Abbasova bir manat pul verməmişəm. Hətta atam sağalandan sonra rayonda bir qoyun kəsdirib gətirmişdim, onu da götürmədi. Düzdür, mən onunla tanışlığımdan istifadə edib başqalarının klinikaya yerləşdirilməsi üçün onlardan pul almışam. Amma Pərviz həkimə bir qəpik də verməmişəm. Elə xahiş eləmişəm, demişəm, yaxın adamdır, problemsiz yerləşdirib, müalicə ediblər".

"Yeni Klinika"nın keçmiş direktoru adları çəkilən şəxslərlə əlbirlikdə, koronavirusa yoluxmuş şəxslərin klinikaya yerləşdirilib müalicə olunması üçün onların yaxınlarından bu adamların vasitəsilə 3-5 min manat rüşvət almaqda ittiham olunur.İstintaq dövründə yalnız Abbasov həbsdə idi. Amma məhkəmənin ilk iclasında, qadın istisna olmaqla, digər təqsirləndirilən şəxslərdən üçü məhkəmə zalında həbs olundu.

Keçmiş klinika rəhbəri deyir ki, əlbir olmaqda ittiham olunduğu dörd nəfərdən yalnız birini - Samir Mirzəyevi tanıyır: "Samir də atasının, yaxın adamının klinikaya yerləşdirilməsini xahiş edib, yardım etmişəm. Buna görə nə ondan, nə də bir başqasından bir qəpik pul almışam...".

Samir Mirzəyev isə məhkəmədə digər təqsirləndirilən şəxslərin onun tanışı olduöğunu bildirib.

Pərviz Abbasovun vəkili məhkəmədə çıxışında müvəkkilinin qurban seçildiyini desə də, konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb. Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.